Qrammatikanı öyrənməyin vacibliyi və asan yolları

Qrammatikanı öyrənməyin vacibliyi və asan yolları

Biz artıq lüğət haqqında danışdıq, indi isə mən sizə qrammatika haqqında danışmaq istəyirəm, o, nə dərəcədə vacibdir və niyə. Əlbəttə ki, mən onu öyrənməyin asan yolları və asan istifadəsi üçün bəzi məsləhətlər verəcəm. Gəlin başlayaq.

 

Bir tərəfdən, qrammatika ona görə vacibdir ki, o, sizin dili  necə düzgün, səliqəli və yerli-yerində istifadə edə bilmə bacarığınızı göstərir. Həmçinin siz məqalələr, CV-lər və ya vacib sənədləri əl ilə yazanda, düzgün cümlələr yazmalısınız. Bilirəm ki, bir çoxunuz, bizim kompyuter və telefonlarımızda xüsusi proqramlar var deyəcəksiniz, buna görə də mən vurğuladım ki, məhz əllə yazmanıza ehtiyac duyularsa, bu, daha da önəmli bir məsələyə çevriləcəkdir. Digər tərəfdən isə, qrammatika öyrənməkdə vacib olan məsələlərdən biri də, ingilis dilində danışarkən nitqinizi düzgün istifadə edə bilməyinizdir və heç bir kompyuter, telefon və ya proqram bunda sizə kömək edə bilməz. Indi isə, gəlin qrammatikanı öyrənmə üsullarına keçək.

 

Düşünürəm ki, gün və ya həftə ərzində bir neçə saat qrammatika öyrənmək üçün yetərlidir, amma bu proses (öyrənilən həmin möddət,həmin saatlar) effektli olmalıdır. Birincisi, qrammatikanı öyrənmək üçün, biz anlamalıyıq ki, əzbərdən öyrənmək yeganə yol deyil və hətta ,bəzən, bu heç əlverişli də sayılmır, belə ki, biz öyrənəcək olduğumuz müəyyən qrammatikanı başa düşməliyik. Bu səbəbdən də, biz bu qrammatikanın niyə mövcud olduğunu anlamalıyıq, sonra isə onu harada və necə istifadə etməli və ya etməməli olduğumuzu, harada uyğundur və harada deyil, bunları müəyyən etməliyik. Yalnız bunları bildikdən sonra, biz öyrənməyə başlaya bilərik.  

 

Xarici dildə söz öyrənməyin asan yolları haqqında olan məqalədə də qeyd etdiyim kimi, burada da ən yaxşı öyrənmə yolu qrammatikanı müntəzəm olaraq cümlədə işlətmək, cümlələr yazmaq və cümlələri bizim dildən xarici dilə çevirməkdir, bizim üçün bu dil ingilis dilidir. Müəyyən bir müddətdən sonra isə, başqalarını dinlədikcə, onların nə dediklərini anlamağa və etdikləri qrammatik səhvləri qeyd etməyə calışın, beləcə həmin səhvləri öz nitqinizdə etməyəcəksiniz.

 

Hər gün özünüzlə ən azı bir dəqiqə danışmağa çalışın və hətta daha yaxşı olar ki, zəngin səsini (alarm clock) müəyyən bir vaxta quraşdırasınız, məsələn, səhər saat 9-a qoyaraq ona “gündəlik ingilis dili”, “ingiliscə danış” və ya yaxşı olar ki, özünüzə məxsus nələrsə yazasınız, “nələrsə” hansı ki, sizi ingiliscə öyrənməyə ruhlandıracaq, məqsəd və ya sitatlar kimi. Beləcə, hər gün həmin saatda özünüzlə danışaraq bir neçə cümlə quracaq, onların qrammatikasına diqqət edəcək və səhvləriniz üzərində düşünərək onları da düzəldəcəksiniz. Bu hal zamanla vərdişə çevriləcəkdir.

 

Nəhayət, bir neçə faydalı məsləhət:
1. Hər zaman qeyd etdiyim kimi, həm qrammatikanı, həm də sözləri öyrənmək üçün ən yaxşı vasitə danışıq klublarında iştirak etmək və özünüzü bu dillə əhatə etməkdir. Əgər belə bir imkanınız yoxdursa, dostunuz, tanışınız və ya qohumunuzla danışmağa çalışın, bunu həm canlı, həm də ki online olaraq edə bilərsiniz. Yox əgər belə bir imkanım da yoxdur deyirsinizsə ( və ya siz və ya qarşı tətəf istəmirsə və başqa bu kimi hallarda), bu zaman səsinizi bir suala cavab verərək qısa şəkildə yazdırın, sonra isə bu səsi dinləyərək öz səhvlərinizi düzəltməyə çalışın (tək grammar yox, həmçinin söz tələffüz və aksentinizi də düzəltməyə şalışın, beləcə fərqinə varmış olacaq və biliklərinizi daha da inkişaf etdirmiş olacaqsınız).

 

2. Hər gün və ya həftədə bir neçə dəfə yeni qrammatik qayda öyrənməyə çalışın və buna ən azı 30 dəqiqənizi ayırın.

 

3. Köhnə qrammatikanı təkrar etməyi unutmayın və bunu etdikcə, əvvəllər fikir vermədiyiniz məqamları aşkar edəcəksiniz, bu yolla siz qrammatikanızı inkişaf elətdirə və daha dərindən öyrənə biləcəksiniz.

 

4. Qaydanı tam anlayana qədər çox test edin, bu, sizə asanlıqla qrammatikanı öyrənməyə kömək edəcək.

 

5. Ən çox hansı qrammatik səhvi etdiyinizi görmək üçün, qrammatikanı yoxlayan proqramlar yükləyin.