İngilis dilini necə öyrəndim

Sən də bacararsan!

   Bir çoxunuz fəaliyyətim və məqalələrimlə artıq tanışsınız. Məqsədim insanlara ingilis dilini öyrətmək və onu kəşf etməyə kömək etməkdir. Üstəlik, mən bizim bunu zövqlə etməyimizi istəyirəm və inanıram ki, bu mümkündür. Başladıq.


   Yəqin ki, hər kəsdə sual yaranır ki bu dili bilənlər onu necə öyrənir? Bu səbəbdən budəfəki məqaləmdə özümün bu dili necə öyrəndiyimdən danışacam. 

 

   Birincisi, inanın mənə, hətta bildiyiniz və tanıdığınız ən yaxşı ingilis dili müəllimi belə bu dili öyrənməyə başlayarkən siz hiss etdiklərinizi hiss edib. Bizləri StepbyStepEnglish-də bir araya toplayan məqsəd isə bu dili dərindən və mükəmməl öyrənmə istəyimizdir. Ona görə də bütün bildiklərimi sizə daha rahat və sadə dildə çatdırmağa çalışacam ki, əziyyət çəkmədən bu dili mənimsəyəsiz.  

 

   Indi isə məqalənin əsasına keçməzdən öncə çox önəmli hesab etdiyim məqamlardan biri olan məqsəd haqqında yazmaq istəyirəm. Bunu niyə edirəm, niyə öyrənirəm və nə əldə edəcəm. Məhz məqsəd olmazsa, siz yarı yolda dayana bilərsiz. Buna görə də nəyəsə başlamazdan öncə mütləq özünüzə məqsəd qoyun və ona doğru irəliləyin. Necə ki balaca uşaqlar yıxılsa belə istədiyinə doğru gedir, bizlər də əsla istəyimizdən dönməməliyik.

 

   Keçək məsələnin məğzinə, bir dili öyrənmək istəyiriksə, ilk öncə onun söz və qrammatikasından başlamalıyıq. Bunlar yalnız ingilis dili üçün deyil,  istənilən  bir dil üçün vacibdir. Mən isə bir çox insanın etdiyi kimi sözləri lügətlərdən əlifba sırası ilə əzbərləyərək deyil, onları mövzulara bölərək daha sadə və maraqlı şəkildə öyrənmişəm, məsələn, heyvanlar, musiqi, film və s.  Bu sözlərdən cümlə qurmağa başlayanda qrammatikaya ehtiyac yarandı və  asan qrammatika və sözlərlə danışmağa başlayıb getdikcə hər ikisini daha da artırdım, təkmilləşdirdim.  

 

   Öyrənmə prosesinin ilk hissəsi əvvəlcə cümlələrin, sonra isə mətnlərin başa düşülməsi idi. Bu, mənə ingilis dili ilə ana dilim arasındakı fərqləri daha aydın şəkildə göstərmiş oldu. Lakin bu, xarici dildə onun daşıyıcıları kimi sərbəst və rahat danışmağın yolu deyildi. İngilis dilini öyrənməyimdə yeni mərhələ isə kifayət edəcək qədər söz və qrammatika bildiyim anda başladı. Mən "beginner" səviyyəsindən "advance"-a kimi səviyyə kitabları oxumağa başladım, danışığı gücləndirmək üçünsə mütəmadi danışıq klublarına gedib "speaking"imi gücləndirdim. 

 

    Əlbəttə ki, çoxları kimi mən də uğursuzluqlar, nailiyyətlər, düşmələr və qalxmalar yaşadım. Nəsə səhv gedəndə və ya alınmayanda özüm-özümə " Mən bunu edə bilmərəm", " Mənlik deyil ", "Öyrənmək çox çətindir" və s. deyə düşünürdüm. Lakin, məni ilhamlandıran və bu yolla aparan bir çox amildən biri də yuxarıda qeyd etdiyim kimi, məqsədim və xəyalım idi. Hər zaman kədərli və pis hiss etdiyim zaman özümə, "niyə?", "niyə bu yoldasan", "niyə öyrənirsən", "nə əldə edəcəksən”, “bu dili öyrənmək sənə nə verəcək" və s. kimi suallar verirdim.  Sonra isə ruhlandırıcı sözlər, motivasiya verici mətnlər oxumağa başladım və mənim məqsədim ölçülə bilən olduğundan, nəhayət "Bunu edəcəm!" dedim və etdim, mən hələ də bunu etməkdə davam edirəm, öyrənməkdə davam edirəm, çünki bu, mənim arzumdu, bu mənim məqsədimdi.   

 

  Bundan əlavə, öyrənməklə kifayətlənməyib, mənim kimi bu dili bilmək istəyən hər kəsə kömək etməyi və onu öyrətməyi qərara aldım. Mən inanıram ki, bizim hər birimiz bunu edə biləcək qədər gücə və istəyə malikik, yetər ki, arzu və istəklərimiz olsun, motivasiyamız olsun. Məqsəd ölçülə biləndirsə və biz də qərarlıyıqsa, biz istədiyimiz müddətcə edə bilməyəcəyimiz nəsə yoxdur.