Xarici dildə söz öyrənməyin asan yolları

Söz bazası istənilən xarici dili öyrənmək üçün əsas məqamlardan biridir

Bildiyiniz kimi, söz bazası istənilən xarici dili öyrənmək üçün əsas məqamlardan biridir. Buna görə də, bu gün mən məhz bu haqda yazmaq istəyirəm. Bilirəm ki, insanların çoxu mənim kimi lüğət öyrənməyin asan yollarını axtarırlar. Uzun zaman araşdırdıqdan və effektinə əmin olduqdan sonra ən yaxşı və ən rahat yolları tapıb qruplaşdırdım. İndi isə, onları sizlərlə bölüşmək istəyirəm. Beləliklə, başladıq

İlk öncə, siz öyrənmək istədiyiniz nədirsə, ona fokuslanmalısınız, bu ümumi ingilis dili, biznes ingilis dili və ya digər məqsədlər ola bilər, bu çox önəmlidir. Onu da qeyd edim ki, sizin dəqiq məqsədiniz və nailiyyətiniz aydın (rəsmi) olmalıdır, məsələn "İnglis dilini niyə öyrənmək istəyirəm?” sualına cavab kimi.

 

İndi isə gəlin öyrənmə üsullarının özlərinə keçək:

1. Birinci üsul sözləri cümlədə işlətməkdir. Fərqi yoxdur bu cümlə sadə (asan), yoxsa mürəkkəbdir (çətindir), burada məqsədiniz sözləri öyrənmək olduğundan, qrammatika və ya cümlə quruluşuna az önəm verin, amma yaxşı olar ki, cümlələri düzgün quraq. Məsələn, əgər siz “different” (müxtəlif) sözünü öyrənmək istəyirsinizsə, ilk dəfə üçün onu tərcümə edə bilərsiniz (əgər bu sözü ingiliscədən izahından (definition) dəqiqliklə nə olduğunu anlaya bilmirsinizsə), sonra isə onu tamlıqla anlayıb, cümlədə işlədirsiniz. “Different” sözünün işlənməsinə dair bəzi nümunələr göstərək:

This book is different from that one. (Bu kitab digərindən fərqlidir.)

Do you think that your idea is different from mine? (Sənin fikrinin mənimkindən fərqli olduğunu düşünürsən?) və s.

Bu yolla, siz sözü tam anlayacaq və onu harada işlətməli olduğunuzu biləcəksiniz.

 

2. Digər bir üsul isə sözü onun mənası və izahı (definition) ilə öyrənməkdir. Məsələn, əgər "park" sözünü öyrənmək istəyirsinizsə, öz-özünüzə "it’s the place where people go for a walk with family“ və ya "this place consists of many trees and flowers as well as it is the big area for walking or doing jogging” deyin və s. Siz bu yolla həmçinin söz bazanızı da artıra bilərsiniz, inanın mənə! 

 

3. Əlbəttə, yeni öyrəndiyimiz və artıq bildiyimiz sözləri təkrar etməsək onları asanlıqla unuda bilərik, buna görə də, mən sizə yeni öyrəndiyiniz sözlərdən ibarət olan kitab və məqalələr oxumağı məsləhət görərdim. Əgər siz heyvanlar haqqında sözlər öyrənirsinizsə, o zaman onlar haqqında bir kitab və ya məqalə oxuyun, bu üsulla siz bildiyiniz sözləri təkrar etmiş, yenilərini isə öyrənmiş olacaqsınız.

 

Həmçinin müəyyən bir dövrdən sonra tərcümə etməkdən çəkinin və bir ingilis kimi düşünməyə çalışın, tərcüməsiz danışın və sözləri onun daşıyıcısı olan millət kimi istifadə edin, yəni öz dilinizdə necə danışırsınızsa, ingilis dilində də elə danışmağa cəhd göstərin. Bundan əlavə, başqalarının dediklərini də tərcümə etməyin, sadəcə anlamağa çalışın. Onu da vurğulayım ki, əgər siz ingilis dilində təmiz və kəkələmədən danışmaq istəyirsinizsə, danışıq klublarında və ya kurslarında iştirak etməniz önəmlidir. Həmçinin gündəlik həyatınızda bu dili istifadə etməyə çalışın, hər gün az da olsa bir mövzu haqqında 5-10 dəqiqə ərzində danışın. Saytımızda bunu necə edə biləcəyiniz haqqında geniş şəkildə izah olunmuş məqalə də var.

 

Sonda isə sizə bir neçə faydalı məsləhət vermək istəyirəm:

1. Lüğətlə bağlı mobil tətbiqlər (proqramlar) yükləyin və ağlınıza gələn istənilən sözü ora yazıb tərcümə edin və cümlədə işlədin.

2. Gündəlik həyatınızda istifadə etdiyiniz sözləri öyrənməyə çalışın, zamanla onları çətinləri (sinonimləri) ilə əvəz edin.

3. Öyrənmə prosesini bacardığınız qədər maraqlı etməyə çalışın və yeni sözləri, bildiklərinizlə bərabər, istifadə edərək oyunlar oynayın. Məsələn, dostlarınızla 20 yeni söz yazın, onları öyrənmək üçün 2 dəqiqə vaxt qoyun, sonra sözləri bağlayın və aranızdan ən çox düzgün söz yazan şəxsə hədiyyə verin, əlbəttə ki, qalib olan şəxs sözlərin mənasını da bilməlidir.

4. Komikslər oxuyun, çünki onlar gündəlik həyatda işlətdiyimiz sözləri özündə cəmləyir, komiks oxumaq faydalıdır, mənanı anlamaq üçün tərcümə etmək istəyəcəksiniz, çünki bu, sizə maraqlı olacaq, beləcə sözləri cümlədə də görmüş olacaqsınız.

5. Telefon, kompüter, laptop və digər qurğularınızın “dil”ini ingilis dilinə çevirin.

6. Sözləri mənaları (definition) ilə öyrənməyə çalışın, onları tərcümə etməyin.

7. Müəyyən sözü öyrənərkən onun sinonim və antonimlərindən istifadə edin. Bu, sizə yeni sözlər öyrənməyə, nitqinizi daha da səlis etməyə və genişləndirməyə kömək edəcək. Burada, ingilislərin sinonimləri istifadə etməyi sevdiklərini qeyd etmək istəyirəm, həmçinin bu sözlər ingilis dilində böyük əksəriyyət təşkil edir.

8. Əgər bir sözü tez, rahat və uzun müddətli öyrənmək istəyirsinizsə, onu təsəvvür edərək öyrənmək ən yaxşı üsullardandır, məsələn: book-(kitab).

9. Bacardıqca özünüzü ingilis dilli mühitlə əhatə edin və bunu daimi edin ki, həm öyrəndiklərinizi unutmayasınız, həm də yeni məlumatlar əldə edə biləsiniz.

10. Son olaraq isə, dili öyrənməkdən həzz alın, bunun nə qədər vacib olduğunu və həyatınızı yaxşılığa doğru necə dəyişə biləcəyini təsəvvür edin.

Mən ingilis dilində necə düzgün danışmaq və həzz alaraq öyrənmək haqqında yazmağa davam edəcəm, həmçinin sizə zövqlə öyrənməyin asan yollarını öyrədəcəm, yetər ki, özünüz də bunu istəyin və blogu izləməyə davam edin. Hələlik isə məndən bu qədər, növbəti bloq yazısını oxumağı unutmayın.