Self study IELTS (1-ci hissə)

Müəllimsiz IELTS balı almağın yolları

Heç bir hazırlığa və ya kursa getmədən IELTS imtahanından yaxşı nəticə əldə etmək mümkündürmü ? Cavab 100% bəli.

Keçən il təxminən bu vaxtlar həm özümü sınamaq, həm də ətrafımdakılara heç bir hazırlığa getmədən də IELTS-dən yaxşı nəticə almağın mümkünlüyünü sübut etmək üçün imtahana evdə hazırlaşmağa başladım. Təqribən 3 ay sonra imtahana girdim və overall 7 bal yığdım.

Hazırlıq boyu mənə online axtarıb tapdığım vəsaitlər və baxdığım videolardan başqa heçkim yol göstərməyib, hərşeyi özüm araşdırıb tapmışam. Hazırda notebookumda 30-40 GB həcmində IELTS qovluğu var. Demək olar ki, IELTS-lə bağlı o kitab yoxdur ki, onun elektron versiyası o qovluqda olmasın. Onların hamısına bir-bir baxmışam. Yararsız deməyək də daha az fayda verəcək vəsaitlər çox, sırf imtahana düşəcək suallar üçün hazırlayacaq kitabların və vəsaitlərin sayı azdı. Və o vəsaitlərin hamısını işləyib, oxuyub bitirməyə nə vaxt çatmaz, nə də ki nə qədər fərqli-fərqli yanaşmalar oxusa, eşitsə və ya görsə tələbə beyni bir o qədər çox qarışar və hansına fokuslanacağını bilməz. Sizinlə paylaşdığım vəsaitlərin həcmi toplamda 10 GB təşkil edər və dediyim o 40 GB-lıq vəsaitlərin içində ən düzgün və ən qısa zamanda yaxşı nəticəyə aparacaq kitablar, video dərsliklər və yöntəmlərdir.

İndi isə hazırlıq boyu təcrübələrimi, hazırlıq planımı, hazırlaşdığım vəsaitləri sizlərlə bölüşmək və özü hazırlaşmaq istəyib köməyə ehtiyacı olanlara kömək etmək istəyirəm. Həm də təmənnasız və ödənişsiz.İlk əvvəl onu bilin ki, yaxşı ingilis dili bilmək IELTS-dən yaxşı nəticə göstərəcəm anlamına gəlmədiyi kimi, IELTS-dən yaxşı nəticə də ingilis dili biliyinin müəkəmməl səviyyədə olması anlamına gəlmir. Bu imtahan yalnız sizin dil biliyinizi yoxlamayacaq, vaxtı idarə etmə, çevik düşünüb qərar vermə, eyni zamanda sualları məntiqi təhlil edə bilmə bacarığınız kimi faktorları da yoxlayacaq. Dili yaxşı bilmədən yükəsk IELTS nəticəsi olanlar olduğu kimi, sırf bayaq sadaladığım faktorlara görə dili çox yaxşı bilib IELTS nəticəsi çox aşağı olanlar da var.

Əgər intermediate səviyyədə dil biliyiniz, gündəlik ayıra biləcəyiniz minimum 2-3 saatınız və möhkəm iradəniz varsa bacaracaqsınız. Hərşeydən əvvəl özünüzə inanın, bu hazırlıq boyu özgüvən sizin ən böyük yardımçınız olacaq. Qətiyyən kənardan deyilənlərə fikir verməyin "kursa getmədən mümkün deyil", "yalandan özünü yorma", "nə qədər hazırlaşsan da müəllim yanına getmədən 6-dan yuxarı yığmaq mümkün deyil" və digər bu kimi ifadələri tez-tez eşidəcəksiniz, heç birinə fikir vermədən öz yolunuza davam edin. Hazırlığa başlamazdan əvvəl özünüzə hədəf seçin və "mən bu sertifikatı alandan sonra harda və necə istifadə edəcəm ?" sualını verin. Deyək ki, sizin hədəfiniz önümüzdəki akademik il üçün Visby Proqramına (İsveçrə təqaüd proqramı) müraciət etməkdi və müraciət edəcəyiniz prioritet universitet Lund Universitetidir. Həmin universitetin saytına daxil olursuz və görürsünüz ki, minimal IELTS tələbi overall 6.5-dir. Bu bal sizin də hazırlıq boyu qarşınıza qoyacağınız minimal bal hədəfi olur.

Hazırlıq proseduru: Başda onu deyim ki, böyük ehtimal başlayan gündən hazırlığın ilk 10 gününə qədər elə düşüncə yaranacaq ki, alınmır və alınmayacaq sizdə, bir çox şey çətin və imkansız kimi görünəcək, istər Listening, istərsə də Readingdə nəticələriniz gözlədiyinizdən çox aşağı olacaq və bu sizdə ruh düşkünlüyü yarada bilər. Amma qətiyyən pəsə düşməyin, davam edin və növbəti 10 günün tamamında artıq mütləq irəliləyişi görəcəksiniz və bu da motivasiyanızı artıracaq. 

Hazırlıq Planı: Özünüzə plan qurmağınız ən vacib şərtlərdən biridir, bu plan gün ərzində - ümumən neçə saatınızı IELTS üçün ayrıcağınız və ayrı-ayrılıqda hər section üçün neçə saat ayıracağınız şəklində olsun. Gün ərzində nə qədər çox vaxt ayırsanız hər dəfəsində daha yaxşı nəticə və irəliləyişi o qədər tez görəcəksiniz. Ayıracağınız vaxt gün ərzində minimal 2-3 maksimal 5-6 saat olsun. İngilis dilini həyatınızın bir parçasına çevirin, bu o demək deyil ki, bütün gün dayanmadan test işləyin, söz əzbərləyin və ya kitab oxuyun. Normal həyatınıza davam edin, amma bunu ingilis dilində edin. Necə ? Deyək ki siz gün ərzində seriala baxmadan dura bilmirsiz, yenə baxın, amma bu dəfə "Kiralık Aşk"-a yox hər hansı bir Amerikan serialına baxın, sizə məsləhətim "Lost" serialına baxmağınız olacaq çünki serialda müxtəlif millətlərdən obrazlar olduğu üçün nisbətən başa düşməniz daha rahat olacaq və inanın ki o "Kiralık Aşk"-a ayırdığınız vaxtınızı "Lost"-a (və ya digəri) ayırsanız hər tərəfli sizə daha çox xeyir verəcək. Və ya siz gündəlik 1-2 saatınız sosial şəbəkələrdə keçirmədən edə bilmirsiz, yenə davam edin bunu etməyə amma fərqli şəkildə. Bugünə kimi "Bizim Mentalitet"-in "səviyyəli" paylaşımlarını izləyirdinizsə bugündən sonra "Tedx", "BBC", "National Geograpihc", "9GAG" və digər bu kimi səhifələri, youtube kanallarını izləyin. Rəfiqənizlə whatsapp'da qrup yoldaşınızın qeybətini etmədən dayana bilmirsizsə buna da davam edin, amma biraz fərqli formada, özünüzə yeni bir "rəfiqə" (speaking partner) tapın. Amma bu azərbaycanlı olmasın və onunla gün ərzində istər yazılı, istər səsli, istərsə də görüntülü şəkildə bacardığınız qədər müxtəlif mövzularda çox danışın, inanın bunun da sizə faydası hər mənada birincidən çox olacaq. Nəysə çox uzatmayım, bir sözlə hazırlıq planınızın əsasını "ingilis dilini həyatınızın bir parçasına çevirmək" prinsipiylə qurun.

Vəsaitlər: Mən hazırlaşdığım dövr boyu pul verib aldığım yeganə kitab "Barron's Essential Words For IELTS" kitabı olub. Digər bütün vəsaitləri PDF şəklində işlətmişəm və lazımi, vacib vərəqləri ayrı-ayrılıqda çıxartdırmışam və məncə belə daha yaxşıdır, nəinki bütün kitab. Amma təbii ki, qərar sizindir kitab olmadan edə bilmərəm deyirsinizsə sadalayacağım kitabları ala da bilərsiniz. Mən bütün vəsaitlərin pdf versiyasını yükləməniz üçün sizə link verəcəm.

1. Cambridge IELTS Practice Tests Series (1 – 13) - hazırlıq boyu sizin ən böyük practice vəsaitiniz bu kitablar olacaq.

2. IELTS Recent Actual Test With Answers (Vol 1-5) - bu kitablar da ən az Cambridge qədər vacib kitabdır hətta bəzi məqamlarda Cambridge-dən daha da vacibdir. Mənim imtahanımda 5 Listening sualı birə-bir eyni olmaq şərtiylə bu kitablardan birindən düşmüşdü.

3. Barron's Essential Words For IELTS - hazırlıq boyu testlərdə qarşınıza çıxma şansı böyük olan sözlərin müxtəlif mövzular üzrə seçilib yazılmış olduğu kitab, müxtəlif sectionlar üzrə kiçik nümunə testlərlə sözləri öyrədəcək ki, bu daha effektiv üsuldur, nəinki birbaşa əzbərləmək.

4. IELTS BAND 9 VOCAB SECRETS - band 9 essay nümunələriylə birgə sizə yüksək nəticə almanıza kömək edəcək sözlər öyrədəcək. Bu həm sizin Writing bacarığınızı artıracaq, həm də söz bazanızı genişləndirəcək.

Bunlar ümumən practise və lüğət bazanızı artırmaq üçün lazım olan kitablardır, amma təbii ki, bu 4 kitabla nəticəyə getmək olmaz. Hər section üçün ayrı-ayrılıqda xüsusi kitablar var və aşağıda hər sectionda istifadə edəcəyiniz kitabları qeyd edəcəm. Eyni zamanda kitablarla yanaşı hər section üçün video kurslar da paylaşacam, hansı ki sizə nəyə necə başlamaq lazımdı, hansı sectionda hansı tips işlətmək lazımdı, zamanın idarə edilməsi, nələri etmək olar nələri etmək olmaz və digər bu kimi vacib məqamları izah edəcək. Qeyd edim ki, bu video kursların əksəriyyəti dünyanın ən güclü IELTS instructorları tərəfindən hazırlanmış pullu video dərsliklərdir amma hazırlaşdığım zaman boyu apardığım uzun aramalardan sonra pulsuz tapmışam və pdf faylda yükləmə linklərini və ya online baxa biləcəyiniz linkləri paylaşmışam.

İndi isə keçək ayrı-ayrılıqda sectionlara. "Hər sectionda neçə sual olur ?", "Nə qədər vaxt verilir ?", "Suallar necə olur ?", "Hansı taktikanı işlətsəm daha yaxşı olar ?" və digər bu kimi detallı sualların cavabını verməyəcəm, çünki bütün bu sualların cavabını video dərsliklərə baxdıqca özünüz biləcəksiniz. Ümumən hansı sectionda hansı kitab lazımdı və daha çox gün ərzində nə qədər vaxt lazımdı kimi məlumatlar verəcəm.  Başlamazdan əvvəl onu deyim ki, hazırlığın ilk 1-1.5 ayını sırf Listening və Reading-ə ayırın o vaxta qədər ki hər ikisində 30+ nəticə göstərməyə başlamısız , çünki hər ikisi digər iki sectionla müqayisədə daha asan artırıla bilən sectiondır. Nə vaxt testlərdə hər ikisindən 28-30+ nəticə göstərirsiz keçid alın Writing və Speaking'ə.

Ardını "Self-Study IELTS-2" məqaləsindən oxuya bilərsiniz

Hazırladı: Shamil Abbasov