Self study English

Necə və hansı materiallarla?

Bu dəfə blogumda hər kəsin çox verdiyi suallardan birini cavablandırım dedim. Söhbət "self study", yəni özümüz 0-dan ingilis dilini necə öyrənə bilərik mövzusundan gedir. Maraqlıdır? Elə isə başlayaq. 

Əvvəlcədən deyim ki, məqalə self study necə öyrənim barəsindədir, hansı materiallarla öyrənə biləcəyinizi isə blogun sonunda qeyd etmişəm. 

 

İlk öncə istənilən dilin özəyi olan sözlərdən başlayaq. Bunun üçün "Oxford Word Skills" kitabının sizə uyğun səviyyəsini (beginner, intermediate və ya advanced) götürərək həftənin 3 günü, hər gün 1 mövzu olmaqla öyrənməkdən başlayın. Sözləri necə rahat öyrənmək haqda da məqaləmiz olacaq. 

 

 

 

Hər bir dilin sütunu, əlbəttə ki, onun qrammatikasıdır. Bunun üçün isə Destination, New English File və ya Speak Out kimi kitabları məsləhət görərdim. Həftənin 2 gününü 30 dəqiqə olmaqla bir qrammatika götürərək öyrənməyə ayırın. İnternetdən isə ona uyğun çalışma işləyin. Bu mütləqdir və material kifayət qədərdir. Bu sizin səhvlərinizi görmə və onlardan öyrənmənizlə bərabər, biliklərinizin möhkəmlənməsinə də yardım edəcək.

 

 

İndi isə çox danışılan və inkişafı zəruri olan bölmələrə keçək. Hər kəsdə zəif olan bölmə fərqli olduğu üçün hər biri haqqında ayrı-ayrılıqda və geniş yazmağa qərar verdim. Ümid edirəm bəyənərsiniz və faydalı olar. 

1. Listening:

Bu bölmənin inkişafı üçün daimilik önəmlidir. İlk öncə başlayın podcastlar dinləməyə və anlamağa, anlamaq önəmlidir, qulağın öyrəşməsi ilə yanaşı eşitdiyimizi anlamaq vacibdir, yoxsa niyə öyrənirik ki? Bununla yanaşı mahnılar da dinləyin, həmçinin dil səviyyəniz artdıqca serial və filmlərə də baxın, beginner və elementary səviyyəsində cizgi filmi daha məsləhətlidir. 

 


 

2. Reading:
Mütləq səviyyə kitabı alın (level book) və onu davamlı oxuyun (metroda, evdə, boş olanda və s.). Ümumiyyətlə, bir dili öyrənəndə bunu məcburiyyətə çevirməyin, çalışın daimilik və sistemlilik olsun, amma əsla məcburiyyət yox. Bununla yanaşı hər gün xəbərlər də oxuyun, vacib deyil ki bu ancaq ciddi nələrsə olsun, məşhurlar, sevdiyiniz mövzular, jurnallar və s. haqda oxuyun. Qeyd edim ki, sırf ingilis dili öyrənənlər üçün xüsusi jurnalları pdf də yükləyə bilərsiniz, məsələn: “Learn Hot English”, həmçinin “National Geographic” kimi jurnalları oxumaqda fayda var, onu da qeyd edim ki, IELTS readingdə düşə biləcək mətnlər, əsasən də elmi, bu jurnallardan ola bilir, kim bilir, bəlkə də oxuduğunuz mətn nə vaxtsa qabağınıza çıxdı. Oxumaq sizə təkcə readingi deyil, bununla yanaşı:
a) sürətli oxumanı
b) cümlə strukturunu yaxşı mənimsəməyi
c) yeni sözləri konteksdə (mətn daxilində, bu çox önəmli məqamdır) öyrənməyi
Qazandıracaq. 


3. Writing:
Strukturu indidən öyrənməyə başlayın (introduction (giriş hissə), body (əsas hissə) and conclusion (sonluq)), həftədə bir neçə dəfə fərqli mövzulara aid inşa yazın və internetdən də oxuyaraq ideya toplayın, bu dünya görüşünüzün inkişafı ilə yanaşı, gələcəkdə də çox köməyinizə gələcək. Yazınızı yoxlamaq üçün müəllim və ya tanış olsa daha yaxşı olar ki, səhvləriniz üzərində öyrənəsiniz, olmasa da, özünüz yazın, sora yoxlayın və ya wordə yazaraq proqramlarla yoxlamağa çalışın, bunun tərəfdarı olmasam da (çünki proqram tam düzəliş etmir və öyrənmək məqsədli yaradılmayıb) heç nədən yaxşıdır deyə düşünürəm, qərar sizin. 

 

4. Speaking:
Ən əsası sona saxladım, mahnılar dinləyin, əzbərləyin və oxuyun əmin olun ki, bu, aksent, tələffüz və intonasiyanıza yaxşı təsir edəcək, native speakerlər (dil daşıyıcıları) kimi oxuyacaqsınız mahnıları və bu da öz növbəsində umumi nitqinizi çox inkişaf etdirəcək, sözlərin tələffüzünə yardım edəcək və ən əsası sözləri daimi təkrar etmiş olacaqsınız, fərqinə varmadan və çox əyləncəli bir şəkildə. Bununla yanaşı həftənin 3 günü mövzular götürün və bu mövzulara uyğun suallar tapıb onlara cavab verin, öz-özünüzə və ya güzgü qarşısında, həmçinin səsinizi yazın və dinləyin, səhvlərinizi qeyd edin və öyrənin. Əlavə olaraq "Danışığı inkişaf etdirmək üçün 3 üsul" adlı məqaləmizdə də danışığı necə artıra biləcəyiniz haqda məlumatlar var. 

 

Self-study üçün materialları telegram qrupumuzdan əldə edə bilərsiniz. 

Son olaraq qeyd edim ki, self study hazırlaşan şəxslər üçün bütün bölmələr üzrə gündəlik paylaşımlar edirik. Məqalədə yerləşdirdiyimiz şəkillər də paylaşımlarımızdan nümunələrdir. 
Hər gün həmin paylaşımları əldə etmək üçün
TelegramWhatsapp qruplarımıza qoşula, yaxud Facebookİnstagram üzərindən bizi izləyə bilərsiniz.