Filmlərdən öyrən

Filmlərə bax və ingilis dilini inkişaf etdir.

Bu gün isə filmləri izləyərək necə öyrənə biləcəyiniz haqqında məlumat vermək istəyirəm. Bəli, filmə baxaraq öyrənmək üçün də müəyyən qaydalar və yollar vardır. 

 

İlk öncə beginner və elementary səviyyələrində (hansı ki, ingilis dilində ilk 2 səviyyə sayılır), qısa videolar izləməkdən başlayın. Bu, “6 minutes English”, “TED video” və ya qısa 5-6 dəqiqəlik istənilən, rahat anlaya biləcəyiniz bir video ola bilər. Dil səviyyəniz artdıqca, yəni pre-intermediate və intermediate olduqda (hansı ki, ingilis dilində növbəti 2 səviyyə sayılır), cizgi filmlərinə baxmaqdan başlayın. Bəli, bəli düz oxudunuz məhz cizgi filmləri, çünki pre-intermediate səviyyəsinə keçəndə siz hələ də dili filmə baxacaq dərəcədə mənimsəmiş olmursuz. Bu isə haqqında danışdığımız səviyyənin elementary və intermediate arasında keçid səviyyə olması ilə əlaqədardır. Cizgi filmlərini bacardıqca qısa seçin və alt yazılı baxın, beləcə sözləri həm dinləmiş, həm görmüş, həm də ki, anlamış olacaqsınız. Müəyyən müddət keçdikdən sonra isə, məsələn 3 cizgi filminə baxıb tam anladığınız zaman, artıq filmlərə keçid edə bilərsiniz. Yenə də alt yazılı baxın. Intermediate və ondan yuxarı olan bütün səviyyələrdə isə alt yazıdan istifadə etməyin və filmə öz dilinizdə baxdığınız kimi baxın. Bu sizə dilin daşıyıcıları (xaricilər, ingilislər, amerikalılar və s.) kimi düşünməyi öyrədəcək. 

Zamanla tərcüməyə ehtiyac duymayacaqsınız və beyniniz istənilən cümləni öz dilinizdəki kimi anlayacaq. Bu üsulun başqa bir üstünlüyü isə odur ki, baxdıqda siz vizual olaraq öyrənəcəksiniz, sözün harada və necə işləndiyini biləcəksiniz, hərəkətlərdən, jest və mimikalardan nə deyildiyini anlayacaqsınız. Beləcə, daha təbii üsulla öyrənmiş olacaqsınız.