İngilis dili ilə bağlı ən çox verilən suallar

Bu məqaləmdə ingilis dilini öyrənməklə bağlı ən çox verilən sualları cavablandırmışam

Bir müddət öncə Facebookun ən aktiv və sevilən qruplarından olan Çörək Almaq Adıyla Çıxanlar qrupunda ingilis dili ilə bağlı paylaşdığım postda xeyli suallar aldım və bu sualların çox adam tərəfindən verilməsini nəzərə alıb ümumiləşdirmək qərarına gəldim ki, bundan sonra kimə lazım olsa rahat cavab ala bilsin, aşağıda ən çox verilən sualları və onlara cavabımı sizə təqdim edirəm. Məqaləyə keçməzdən öncə onu qeyd edim ki, əminliklə deyə bilərəm ki, hər kəs bu suallarda özünü və axtardığı cavabları tapa biləcək. Uğurlar!

1. Mən uzun cümlələri oxuyarkən tək-tək sözlərin mənasını başa düşürəm, amma ümumi cümlənin mənasını tam anlamaqda çətinlik çəkirəm, bunu necə aradan qaldıra bilərəm?

- Bu zamanla və təcrübə ilə düzələcək bir məqamdır, amma indi üçün cümlələri söz-söz deyil mənasını anlayaraq və çox vaxt sondan əvvələ tərcümə etməyə çalışın. Həmçinin, uzun cümlələr olanda öncə mübtəda və xəbəri tapın. Səviyyə kitablarını oxumağa başlayın(level book), zamanla tərcümədə və anlamada çətinliyinizin qalmadığını görəcəksiniz. Bununla, həmçinin siz dil daşıyıcıları kimi düşünməni də formalaşdırmış olacaqsınız.

 

2. Sözləri ən qısa yolla necə öyrənə bilərəm?

- Söz öyrənməyin ən yaxşı üsulu onu konteksdə, yəni mətndə və ya hər hansı bir mənbədə görməkdir. Buna görə də sözü sadəcə tərcümə edib əzbərləməyə çalışmayın, əgər sözü yadda qalacaq şəkildə və uzun zaman üçün öyrənmək istəyirsinizsə, həmin sözü cümlədə işlədin, məqalədə və ya kitabdan oxuyun, hər hansı bir dinləmədən eşidin.

 

3. Sözləri öyrəndikdən sora necə edim ki, unutmayım?

-Sözləri saatlarca təkrar etməyin, sadəcə özünüzü bu sözlərlə əhatə edin. Necə? Kitab və məqalələr oxuyaraq, film və seriallara baxaraq, podcastlar və musiqilər dinləyərək. Hər gün bu sözləri görün, eşirin və mütləq cümlələr quraraq danışığınızda istifadə edin.

 

4. İngilis dilində videoya baxanda cümləni başa düşmürəm (nə dediyini anlamıram) ama sonra altyazıya baxanda gorürəm ki, həmin cümlədəki bütün sözlərin tərcüməsini bilirəm. Bu problemi necə həll edim?

-Bunun əsas səbəbi sizin sözün düzgün tələffüzünü bilməməyinizdir. İkinci səbəb isə müxtəlif aksentləri anlamaqda çətinlik çəkə bilməyiniz ola bilər ki, bu da öz növbəsində təcrübə ilə düzələ biləcək bir məsələdir. Sözləri öyrənərkən mütləq tələffüzünə baxmalısınız, bilirəm deyə düşünüb üstündən keçməmək lazımdır. Zamanla görəcəksiniz ki, həqiqətən də sözün tələffüzünə diqqət yetirib öyrəndikdə və istifadə edərək müxtəlif tələffüzlərdə dinləsəniz sizdə vərdiş yaranacaq və artıq belə bir probleminiz qalmayacaq.

5. Listeningi artırmaq üçün ən effektiv vasitə hansıdır?

-Bir mənalı olaraq serial, film və podcastlarla. Həmçinin musiqilər.

 

1. Serial:

a) native, yəni dilin daşıyıcıları danışır

b) fərqli aksentləri öyrənirsiniz

c) hərəkərlə sözün mənasını anlayırsız və sözlər beləcə beyninizə həkk olunur

d) maraqlı olduğu üçün və ondan da önəmlisi ardıcıllıq olduğu üçün baxıb daha da çox anlamaq istəyirsiniz

 

2. Podcast:

a) yolda dinlədiyiniz musiqini bununla əvəz edə bilərsiniz

b) fərqli aksentləri öyrənəcəksiniz

c) söz çoxluğu var və qulaq bu dilə öyrəşir, bəzən anlamasanız belə, yetər ki, davamlı dinləyin

 

3. Musiqi:

a) əylənərək öyrənməyin ən yaxşı üsuludur

b) öncə lirikdən başlasaz daha yaxşı olar, anlaşıqlı olmasına diqqət edin

c) seçdiyiniz musiqiləri öyrənib, oxumaq həm dinləmənizə, həm də danışıq və tələffüzünüzə müsbət təsir edəcək 

 

7. İngiliscə başa düşürəm, amma danışmaqda çətinlik çəkirəm, necə inkişaf etdirə bilərəm?

- İlk öncə onu deyim ki, danışmaqdan qorxmayın, danışıq klublarına, yəni conversationlarda iştirak edin, hər kəs sizin kimi öyrənməyə getdiyi üçün kimsə sizə irad tutar deyə qorxmayın, müəllim isə sizə düzəliş edir ki, nitqiniz daha da yaxşı olsun və bu səhvlərdən agah olub onları bir daha etməyəsiniz. Evdə isə:

a) Musiqi dinləyin və əzbərləyib öz-özünüzə oxuyun.

b) Level bookları səsli oxumağa çalışın.

c) Hər gün bir mövzu götürün, ona aid sözlər öyrənin və qısa da olsa bu haqda danışın, 5-10 dəqiqə belə yetərlidir.

 

Qrupda yaratdığı şəraitə görə Toghrul AlakbarQəmər Babayeva başda olmaqla bütün Çörək Almaq Adıyla Çıxanlar komandasına təşəkkürümü bildirirəm.