Computer Delivered IELTS

Kompüter ilə IELTS imtahanı vermək

Bəlkə bəzilərinə maraqlıdır və ya faydası toxunar deyə hər ikisini vermiş biri olaraq, Computer Delivered IELTS imtahanının Paper-Based`dən (Ənənəvi) olan fərqlərindən danışacam.

Mən 2018-ci ildə Barratson test mərkəzində imtahana girmişdim, lakin writing bölməsindən nəticəm bərbad olmuşdu. O zaman həmin sertifikatla magistr üçün müraciət etməyi düşünmədiyimə görə bölmələr arasındakı uçurum məni narahat etmirdi (8-Listening və Azərbaycanlıların yaralı yeri olan 5-Writing). Bu il yeniləmək qərarına gəldim, həm tez cavab çıxdığı üçün, həm də writingdə əlyazma deyil, typing olduğu üçün Computer Delivered olan imtahana girdim.

İlk öncə onu qeyd edim ki, imtahan üçün qeydiyyatdan keçməyi qərarlaşdırmadan öncə gedib mərkəzdə sistemlə tanış ola bilərsiniz, sizə bütün bölmələr haqqında ətraflı məlumat verib, suallarınızı cavablandıracaqlar. İmtahan günləri Paper-Based imtahan olmayan günlərdə və daha tez-tez olur, səhər və ya günorta olaraq iki seçim vardır. Cavablar 5-7 gün ərzində çıxır, amma bəzən 2 günə belə çıxa bilir. Otaqlar maksimum 4 nəfər üçün nəzərdə tutulub, əgər imtahan vaxtı səs-küy sizi narahat edirsə, Computer Delivered sizin üçün daha rahat olacaq. Mən imtahan verdiyim gün otaqda tək idim hətta :) təbii ki, sizi müşayiət edən nəzərətçi olur. İndi isə bölmələrə keçək.

Listening bölməsində typing ancaq boşluqları doldurduğumuz suallarda olur, məndə 1-ci və 4-cü hissələrdə idi, amma digər suallarda isə sadəcə istədiyimiz variantın üstünə basaraq cavabı daxil edirik. Matching, Multiple choices, hətta Map`də (Azərbaycanca yazmadım ki, başlıqda görəndə xatırlayasınız) belə variantın üstünə klikləmək kifayət edəcək. Bu bölmədə açar sözlərin altını xətləyərək işləyirsinizsə, burda da sözləri highlight etmək (arxa fon rəngini dəyişmək) mümkündür.

Reading bölməsi çox insanı Computer-Delivered imtahan verməkdən çəkindirən bölmədir, mənə isə daha rahat gəlmişdi. Birincisi, sualı mətndə axtarmaq üçün vərəqləməyə ehtiyacınız yoxdur, mətn ekranın sol tərəfində olduğu üçün, tutaqki, sağ tərəfdə aşağıda olan sualı səhifəni sürüşdürərək mətnin yanına gətirirsiniz. Belə ki, Listeningdə olan highlight funksiyası burada da mövcuddur, amma əsas olan sualın cavabını hərfbəhərf yazıb, cavabı köçürəndə hərf səhvi etmə şansınız demək olar ki, yoxdur. Sadəcə cavabı mətndən CTRL+C edib, cavab yazmalı olduğunuz boşluqda CTRL+V edirsiniz, vəssəlam. Bu sizə o qədər çox vaxt qazandıracaq ki. Mənim 3-cü mətn üçün 36 dəqiqə vaxtım qalmışdı :)

Mənim üçün həlledici məqam writing bölməsində oldu. Mənim xəttim heç oxunaqlı deyil və əlyazmam yavaşdır, vaxtı çatdırmaq və söz limitini keçmək ən böyük problemim idi. Elə ilk imtahanımda da Task 2 essemi vaxta görə bitirə bilməmişdim. Amma bu dəfə 15 dəqiqədən çox vaxtım sualı planlamağa getsə belə, çox sürətli yazıb 1 saatdan az vaxtda bitirmək mümkün oldu. Rahat bir şəkildə əvvələ qayıdıb arqumentinizi belə dəyişə bilərsiniz, Word faylda işləmək kimi bir şeydir. Söz sayı isə aşağıda göstərilir, mən hətta 250+ söz limiti olan essedə 340-dan çox söz yazmışdım.  Bununla belə, essemin üstündən keçməyə vaxtım qalmışdı. Nəticədə sınaqlarda belə 6-dan o tərəfə keçməyən nəticəm 6.5 oldu. Qeyd olaraq: daha sürətli typing üçün bura daxil ola bilərsiz.

Speaking isə ənənəvi şəkildə üz-üzə olur.

Son olaraq ekran parlaqlığı, arxa fonun və şriftlərin rəngi, ölçüsü tamamilə tənzimlənə bilir. Əmin olmadığınız sualın nömrəsinin üstünə basanda onu fərqli dairəyə alır, beləliklə, siz geriyə qayıdanda sualı axtarmaq məcburiyyətində qalmırsınız. Qaralama olaraq da sizə hər bölmə üçün verilən istifadəçi adı və şifrə olan vərəqi istifadə edə bilərsiniz. Məzmun olaraq Computer Delivered asandır fikri yalnışdır, kompüterdə imtahan vermək sadəcə daha praktikdir. Bu da nisbi bir şeydir. Ona görə də sizə uyğun olacağını düşündüyün şəkildə və yerdə imtahan verin, rahatlığınız balınıza mütləq ki, təsir edəcək. Səbriniz çatıb sona qədər oxudunuzsa afərin! Uğurlar hər birinizə!

 

Hazırladı: Janana Ahmadli